11.12.2021

Ulu Öndər və Azərbaycan

1923-cü il 10 may tarixində Naxçıvan şəhərində dünyaya göz açan Heydər Əliyev hər daim Azərbaycan xalqının yaddaşında silinməz olaraq qalacaqdır.

Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Heydər Əliyev müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışmışdır. Uğurlu karyera yolunda hər daim Azərbaycan xalqının ümummilli maraqlarını həmişə ən üstün tutmuş və bunun üçün səylə çalışmışdır.

Hələ hakimiyyətiinin birinci dönəmində (1969-1982 - ci illərdə) hərtərəfli inkişafdan geri qalan Azərbaycanın inkişaf yoluna qədəm qoymasına nail olmuşdur. Belə ki, hakimiyyəti illərində Heydər Əliyev Azərbaycanda olan durğunluğu aradan qaldırmış və uğurlu strategiya ilə inkişafa aparmışdır.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Heydər Əliyev Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən üstün tutmuş və bu amalla öz siyasi kursunu aparmağa savam etmişdir. Ağır bir dönəm keçirən gənc Azərbaycan dövləti məhz Heydər Əliyevin rəhbərliyi altında bu çətin və keşməkeşli dövrlərdən çıxa bildi. Uzun illər torpaqlarımız yağı tapdağı altında qalsa da məhz Heydər Əliyevin siyasi kursunun davamı idi ki, bu gün Azərbaycan torpaqları ermənilərdən azad edilmişdir.

Heydər Əliyev həm daxili, həm də xarici siyasətdə balanslaşdırılmış siyasət yürütmüşdür. Bu isə gənc Azərbaycan dövləti üçün olduqca vacib addım idi. Azərbaycanın Ermənistan Respublikası ilə olan haqq savaşını Heydər Əliyev böyük səylər göstərərək dünyaya çatdıra bilmişdi.

Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdır və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.

Bu gün Azərbaycan xalqı Ulu Öndərin bütün bu və s. İşlərini fəxarətlə xatırlayır və onun xatirəsini əziz tutur.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.


Açar sözlər: