15.10.2021

Füzuli şəhərinin işğaldan azad olunması haqqında

Yenicə müstəqillik əldə edən Azərbaycan, qısa müddət ərzində mənfur qonşusu olan ermənilərdən ard-arda zərbələr aldı. Qərb torpaqlarında yerləşən şəhər və rayonlar bir-bir işğal olunurdu. Həmin işğal edilmiş ərazilərindən biri də Füzuli şəhəri və rayonun böyük hissəsi idi. 23 avqust 1993- cü ildə erməni silahlı qüvvələri qeyd edilən Füzuli şəhəri və rayonun böyük hissəsini işğal etdilər. Bundan sonra yalnız Heydər Əliyevin döyüş əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində bir sıra vacib ərazilər işğaldan azad edildi. Bu azad edilmiş ərazilərə 22 yaşayış məntəqəsi daxildir. Azad edilmiş ərazilərdə Füzuli əhalisinin 50%-i yaşayır. Qələbə ilə bitən bu əməliyyatlarda Azərbaycan tərəfi 657 şəhid, 400 əlil vermiş və 181 nəfərin taleyi hələ də məlum deyil.

İşğaldan öncə Füzulidə 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli rayonu eyni zamanda zəngin tarixi abidələri olan ərazidir. Burada qədim tariximizi yaşadan bir sıra yaşayış məntəqələri vardır. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Vətən müharibəsi başladığı gündən ən önəmli məntəqələrdən biri də məhz Füzuli idi. Bu ərazidə düşmənin illərlə hazırladığı müdafiə xətti vardı. Eyni zamanda ermənilər hücumun məhz buradan olacağını zənn edirdilər. Olduqca böyük qüvvə ilə müdafiə təşkil etmişdilər. Füzuli şəhərinin müdafiəsi  olduqca möhkəmləndirilmiş müdafiə xətləri ilə təşkil edilmişdi. Bütün bunları nəzərə alan xarici mütəxəssislər şəhərin alınmasının olduqca çətin olduğunu və hətta bu əməliyyatların aylarla davam edəcəyini qeyd edirdi. Lakin, qüvvələrimizin cinahlardan taktiki hücumu ilə müdafiə xətti Cəbrayıl istiqamətində yarıldı. Cəbhənin bütün istiqamətlərində gedən əks-hücum əməliyyatı davam etdiyi şəraitdə Füzulinin bir sıra yaşayış yerləri işğaldan azad olunurdu. İşğaldan azad edilən hər bir məntəqə uğrunda böyük savaş gedirdi. Azərbaycan əsgərinin cəsarəti ilə düşmən məhv edilir, ərazilər təmizlənirdi. Düşmənin yarılması mümkünsüz hesab etdiyi müdafiə xətti yarılır, ordumuz tarixi torpaqlarımıza irəliləyirdi. Bu böyük zəfər idi. Füzuli şəhərinin alınması ilə irəliyə doğru yol açılırdı. Bu isə böyük strateji əhəmiyyət daşıyırdı.

Vətən müharibəsi başladığı dövrdən Füzuli rayonundan 80 nəfər mülki əhali həlak olmuş, 300 nəfərədək əhali yaralanmışdır.

Hər zaman xain əməlləri ilə seçilən ermənilər sivil əhalini hədəf seçsə də, hər zaman ordumuz tərəfindən döyüş meydanında layiqli cavab aldılar. Məlumdur ki, ermənilərə divan tutulan zaman onlar silah sursat, maddi texniki təminatlarını döyüş meydanında qoyaraq qaçırdılar. Füzuli uğrunda şiddətli döyüşlər getsə də Azərbaycan əsgəri son sözü dedi və 17 oktyabr şəhər azad edildi. Şəhərin azadlığı ilə ruh yüksəkliyi daha da artdı. Strateji yüksəkliklər əlimizə keçdi.

Füzulinin azad edilməsində iştirak edənlər üçün prezident tərəfindən 26 noyabr 2020 ci ildə  "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qazanılan qələbə Azərbaycan xalqının milli ruhunu daha da yüksəltdi və xalqımıza qələbəni daddırdı. Qalib gəlmiş xalqın hədsiz sevinci ilə keçən bu  müddət ərzində azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir.

2020-ci il 16 noyabr tarixində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad edilmiş Füzuli rayonuna səfər etdilər. İlk olaraq prezident İlham Əliyev Azərbaycan bayrağını Füzuli şəhərində qaldırdı. Səfər zamanı qəhrəman əsgərlərimizin şücaətlə keçdiyi yolda salınan "Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Ötən bir il ərzində prezident Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən  Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı olmuşdur.

Ermənilərin xain təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.


Açar sözlər: