30.09.2021

Postmüharibə dövründə yaranmış yeni münasibətlər

30 illik işğala 44 gündə son qoyan Azərbaycanın bu uğurunu təbii ki, qəbul etmək bəzi ölkələr üçün elə də asan deyil. Bu ölkələrin başında da Ermənistan durur.

Müharibədən dərhal sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu da 10 noyabr Bəyanatına tam ziddir. Bəyanatda həmçinin göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər də davamlı olaraq görülür.Lakin bu məsələ ilə bağlı da Ermənistan tərəfi laqeyd münasibət göstərir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin əsas prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə,həsrətlərinə soy qoyuldu. Ərazilər bərpa olunur və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır.

Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib.Guya, Ermənistan ordusu pulsuz olaraq Rusiya tərəfindən silahlandırılır.Bunun kökündə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək dayanır. Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir.Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara heç bir uğur gətirməyəcək.Onları qıcıqlandıran əsas məsələ Türkiyənin ilk gündən Azərbaycanın yanında olmasıdır.

Lakin Ermənistan anlamalıdır ki,bu təcridçilikdən yaxa qurtarmaq üçün Türkiyə ilə normal münasibətlər yaratmalıdır. Daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır.

Digər mühüm məsələ isə İranın Azərbaycanın sərhədlərin də hərbi təlimlər keçməsidir. Nə üçün məhz indi?  Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır.İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi dəfələrlə təkrarlanan hadisədir. Ümid edirdik ki, buna son qoyulacaq. Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.

Azərbaycan daima öz qonşuları ilə mehriban və sülh şəraitində yaşamağa çalışmışdır.Bundan sonra da bu cür davam edəcək.


Açar sözlər: