03.09.2021

Tarixi irsimizin bərpası

Hər nə qədər pərakəndəlik dövrü kimi anılsa da  “Xanlıqlar” dövrü Azərbaycan tarixinin ən önəmli hissələrindəndir. Məhz bu dövrdə Azərbaycanın mədəniyyət beşiyi adlandırılan Şuşa şəhərinin əsası qoyulmuşdur. Şuşa tarix boyu Azərbaycanın mədəni həyatında önəmli rol oynamışdır. Şəhər Dağlıq Qarabağda yerləşdiyi üçün isə daima ermənilər tərəfindən ərazi iddialarına məruz qalmışdı.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövündə şəhərin abadlaşdırılmasına, tarixi abidələrin bərpasına xüsüsi önəm verildi. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrildi. 1982-ci ildə isə Şuşada Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldıldı. Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə bu elə də asan bir iş deyildi. Çünki, Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar dövrü tarixin qara ləkəsi kimi qələmə verilirdi.

Beləliklə, Şuşa az keçmədən erməni işğalına məruz qaldı. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Təbii ki, Azərbaycan xalqı bununla barışmadı.

8 noyabr 2020-ci il tarixində Ali baş komandanın Şəhidlər Xiyabanında verdiyi müjdə ilə xalqımızın 28 illik həsrətinə son qoyuldu. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”-Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü.

İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin–Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu.

Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. May ayında Şuşada möhtəşəm “Xarıbülbül” festivalı keçirildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

Şuşanın baş planı əsasında birinci mərhələdə burda 25 yaşayış binasının inşası nəzərdə tutulur ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir.

39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.

30 avqust 2021-ci ildə İlham Əliyevin iştirakı ilə Şuşada  Vaqif Poeziya Günləri də bərpa edildi. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.

Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.


Açar sözlər: