20.08.2021

Qarabağda quruculuq işləri

Uzun illər ərzində Azərbaycanın əbədi və əzəli torpaqları erməni işğalı altında qalarkən hər daim Prezident İlham Əliyev vurğulayırdı ki, biz Qarabağı cənnətə çevirəcəyik. Nəhayət ki, o azadlıq şərbətini Qarabağ torpağına daddıran 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi torpaqlarını azad etdi. Bu qalibiyyətdən sonra ilk plan infrastrukturun qurulması idi. Bu işlərə prezident İlham Əliyev birbaşa nəzarət edir. Artıq qısa müddətdə torpaqlarımızın azadlığından sonra İlham Əliyev 10 dəfədən çox olmaqla səfər edib. Bu səfərlərin hər biri səmərəli şəkildə sonlanıb. Yeni-yeni layihələr, yeni iqtisadi planlar və s. həyata keçirilməkdədir.  Bu səfərlərin sonuncusu prezidentin Kəlbəcər və Laçın rayonu ərazisinə olan səfəri olmuşdur. Bu səfərdə birinci xanım Mehriban Əliyeva da iştirak etmişdir.

Kəlbəcər və Laçın rayonları Azərbaycanın Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Həmçinin bu rayonlar yüksək dağlıq ərazilərdə yerləşir. Buna görə də bu ərazilərdə hərtərəfli inkişafa nail olmaq üçün ilk növbədə infrastruktur-nəqliyyat layihələrinin həyata keçirilməsinə diqqət ayrılır. Cənab prezident İlham Əliyev bu işlərin gedişatı ilə şəxsən tanış olur və nəzarət edir.

Bu səfər zamanı prezidentin çıxışı Azərbaycanın sərhədlə bağlı mövqeyini, eyni zamanda Zəngəzur dəhlizinin reallaşdırılması, əhalinin məskunlaşması ilə bağlı fikirlərini açıq aydın bildirdi.

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlər davam etməkdədir.  Belə ki, işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisinin fasiləsiz təmin edilməsi, yeni yolların çəkilməsi sürətlə davam etdirilir. Dağlıq ərazilər olduğu üçün yüksək keyfiyyətli yolların çəkilməsi əsas şərtlərdəndir. Kəlbəcər rayonu ərazisində 4.4 MVt olmaqla Lev çayı üzərində  Kəlbəcər-1 Kiçik Su Elektrik stansiyası tamamilə yenidən qurulur. Stansiyanın texniki təchizatı- smaşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları-yenilənir. Kəlbəcərin elektrik enerjisi ilə təchiz olunması üçün bu stansiyanın böyük əhəmiyyəti vardır ki, 6 ay ərzində bu stansiyanın ərsəyə gəlməsində böyük işlər görülüb.

Elektrik enerjisinin təşkilindən əlavə yol- infrastruktur layihələrinin həyata keçirilməsi uğrunda böyük işlər görülür. Belə ki, prezident İlham Əliyevin verdiyi sərəncama əsasən 72.8 km-lik Kəlbəcər-Laçın yolu inşa edilməlidir. Bu yol dağlıq ərazilərdən keçdiyinə görə yol boyu ümumi uzunluğu 9450 m olmaqla 3 tunel inşa edilir.

Hərtərəfli yenidənqurma işləri ilə maraqlanan prezident İlham Əliyev Kəlbəcərdə dünyaca məşhur olan İsti su sanatoriyasının mövcud durumu ilə tanış olub. Qarşıya qoyulan əsas vəzifələrindən biri də bu sanatoriyanın bərpa edilib əvvəlki şöhrətini qaytarmasıdır. Bunun əsas üstünlüklərindən biri buraya turist axınının təşkil edilməsidir.

Qarabağ erməni işğalı altında olduğu zaman Ermənistanı Şərqi Zəngəzur və Qarabağla birləşdirən 3 əsas yol var idi. Bu yollar qanunsuz məskunlaşmaya xidmət edirdi. Beynəlxalq hüquqa zidd olsa da beynəlxalq təşkilatlar buna susur və irad bildirirdilər.

Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan Azərbaycan tərəfi istifadə edir.

Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq. Bütün bunlar tədricən inkişafı təmin edəcəkdir.

6-7 ay ərzində bu qədər işlərin görülməsi Azərbaycanın qüdrətinin göstəricisidir və bu işlər dayanmadan davam etdirilir. Kəlbəcərə səfəri zamanı prezident İlham Əliyev burada 3,4 km-lik tunelin əsasını qoydu.

Laçın rayonuna səfəri zamanı prezident İlham Əliyev hava limanının qurulacağı ilə bağlı fikirlər bildirdi. Laçın rayonunda hava limanın olması bir sıra üstünlükləri özündə əks etdirir. Belə ki, burada hava limanının olması bölgənin daha da inkişaf etməsinə təkan verəcək və turizm sahəsi böyük inkişaf yoluna qədəm qoyacaqdır. Hava limanının inşası sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək.

Qarabağda yenidənqurma işlərini əsasən Azərbaycan şirkətləri həyata keçirir. Sözsüz ki, qardaş Türkiyə şirkətlərinin də burada əməyi danılmazdır.

Tarixi torpaqlarımızı azad etdikdən sonra qısa müddətdə bu qədər işlərin görülməsi Azərbaycanın hərtərəfli gücünun bariz nümunəsidir. Sözsüz ki, bu bərpa işləri sonlandıqdan sonra və Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu inkişaf daha da sürətlənəcəkdir. Və bu birbaşa Azərbaycanın siyasi, hərbi əsasən də iqtisadi gücünə güc qatacaqdır.

 


Açar sözlər: