04.07.2021

Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti

Əsasını Heydər Əliyevin qoyduğu uğurlu neft strategiyalarımız sayəsində Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf etməkdə davam edir. Lakin bununla bərabər qeyri-neft sektoruna qayğıda heç vaxt azalmamışdır. Ölkənin neft, qaz istehsalı və ixracından asılılığını azaltmaq üçün qeyri-neft sektoruna diqqət daha da artırılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır.

Bakıya yaxın olması və çoxlu boş torpaqların mövcudluğu bu planın Ələtdə keçirilməsinə şərait yaratdı. Bundan əvvəl isə Ələtdə Beynəlxalq Liman Kompleksi yaradılmışdır ki, bu da Xəzər dənizində ən böyük və müasir kompleks hesab olunur.

Zonanın yaradılmasında əsas məqsəd yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.  Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Layihə nəticəsində həm də çoxlu yeni iş yerləridə açılacaq. Yerli mütəxəssislər yüksək maaşla təmin olunacaqlar.

Azərbaycan dünya investorları üçün ən təhlükəsiz ölkələrdən biridir. Dağlıq Qarabağ məsələsinin də həll olunmasını nəzərə alsaq artıq Azərbaycanda uzunmüddətli sülh və sabitlik hökm sürəcəkdir. Bu da xarici sərmayələri bura cəlb edəcəkdir. İnvestorların diqqət etdiyi digər əsas məsələ isə Azərbaycandakı xalq-iqtidar birliyidir. Prezidentin göstərişi ilə xarici konsulluqlarımız ordakı investisiya şirkətlərinə bu lahiyə haqqında məlumatlar verir.

1 iyul 2021-ci ildə Ələt Azad İqtisadi Zonasının təməl qoyma mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zonanın əhəmiyyəti və səmərəliliyi haqqında ictimaiyyətə məlumat vermişdir.

Artıq Qarabağda da tikinti və quruculuq işləri başlamışdır. Bu da iqtisadiyyatın daha da canlanmasına  şərait yaradacaqdır.


Açar sözlər: