Məktəbin ilk dərs gününə hazırlanması ilə bağlı faydalı materiallar.

Məktəbin ilk dərs gününə hazırlanması

 

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlanması və 15 sentyabrın "Bilik günü" elan edilməsi müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin  21 avqust 2004-cü il 114 nömrəli “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı).

 

Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1-ci bəndi).

 

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır və dərs ili iki yarımilə bölünür: I yarımil: 15 sentyabr - 26 yanvar; IIyarımil: 1 fevral - 14 iyun, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir. Məktəbəhazırlıq qruplarında isə məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır və məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar;II yarımil: 1 fevral - 31 may, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar); 5 gün əlavə tətil (1-5 may). Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bəndi).

 

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlasın, 14 iyun 2024-cü il tarixdə başa çatsın (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin2023/2024-cü tədris ilinin başlanması barədə” 11 sentyabr 2023-ci il tarixli, 3-29/3-2-548F/2023  nömrəli əmrinin 1-ci bəndi).

 

Ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 avqust 2019-cu il tarixli, 3-29/3-2-484F/2023 nömrəli “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” əmrinə 7 nömrəli əlavənin 24-cü və 25-ci bəndləri).

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün) (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 avqust 2023-cü il tarixli, 3-29/3-2-483F/2023 nömrəli Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2023-2024-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə” əmrinə 2 nömrəli əlavənin 10-cü və 11-ci bəndləri).

 

Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 30, digər siniflərdə 45 dəqiqə müəyyən edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bəndi).

 

Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir(Azərbaycan Respublikası Nazirlər Kabinetinin  8 yanvar 2010-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cu bəndi).

 

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 avqust 2023-cü il tarixli, 3-29/3-2-483F/2023 nömrəli Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2023-2024-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə” əmrinə 2 nömrəli əlavənin 5-ci və 6-cı bəndləri).

 

Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir (“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli, 683-IIQ nömrəli Azərbaycan Respublikası Qanunununun 5-ci maddəsi).

 

Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı müəssisənin yerləşdiyi binanın fasadında əsas giriş qapısının üstündə dərslər başlamamışdan qaldırılır (asılır), qurtardıqdan sonra endirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları” nın 10-cu bəndi).

 

Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək, gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələrinə daxildir (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli,№ 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

 

Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən)  mütləq ifa edilir, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli,1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi).

 

Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir (“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi).

 

Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.(Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 avqsut 2018-ci il tarixli F-550 nömrəli “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin 4-cü bəndi).

 

Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək,  gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək dövlətin vəzifələrinə aiddir (“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli,1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

 

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir (“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi).

 

2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunsun (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin2023/2024-cü tədris ilinin başlanması barədə” 11 sentyabr 2023-ci il tarixli, 3-29/3-2-548F/2023 nömrəli əmrinin 2-ci bəndi).

 

İstinadlar:

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”.
  2. Azərbaycan Respublikası Prezidentinin  21 avqust 2004-cü il 114 nömrəli “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı.
  3. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli, 683-IIQ nömrəli Azərbaycan Respublikası Qanunu.
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları”.
  5. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
  6. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu.
  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  8 yanvar 2010-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları".
  8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 avqsut 2018-ci il tarixli F-550 nömrəli “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmri.
  9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 avqust 2019-cu il tarixli, 3-29/3-2-484F/2023 nömrəli “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” əmri.
  10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 avqust 2023-cü il tarixli, 3-29/3-2-483F/2023 nömrəli Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2023-2024-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə” əmri.
  11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-ci il tarixli,  3-29/3-2-548F/2023  nömrəli“2023/2024-cü tədris ilinin başlanması barədə”əmri.

 

 

Tərtib etdi: Rabil Abdinov

Masallı rayonu Bədəlan kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, riyaziyyat müəllimi.