09.02.2022

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir

Azərbaycan Respublikasının uzun zamandır üzərində çalışdığı proyektlərdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihənin ərsəyə gəlməsində bir sıra Avropa ölkələrinin müstəsna rolu olmuşdur. Bu ölkələr sırasında Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı bir komanda şəklində qeyd edə bilərik. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyəti sayılmalıdır. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır.

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri sayılır. Bu layihənin dəyəri təxminən 33 mlrd ABŞ dolları məbləğində qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bunlara Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankını misal göstərə bilərik.

Cənub Qaz Dəhlizi layihəsinin sona çatmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına qaz ixracını artıra bilib. Belə ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunmuşdur.

Dünya bazarında Azərbaycana ehtiyac var. Azərbaycan dünya bazarında 2006- cı ildən neft ixrac edir. Bu illər ərzində Azərbaycan neftin fasiləsiz ixracı ilə yanaşı eyni zamanda müqavilə şərtlərinə tam riayət etməyi də baxarmışdır. Bu da Azərbaycana olan inamı daha da artırır. Belə ki, bəzi ölkələr 80% civarında Azərbaycan qazını istehlak edirlər.

Azərbaycan Respublikasının qaz ehtiyatları 2.6 trilyon kubmetr civarında qiymətləndirilmişdir. Qaz yataqlarının içərisində ən böyük ehtiyata malik yataq Şahdəniz neft yatağıdır. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bundan başqa Azərbaycanın Babək, Ümid kimi qaz yataqları vardır ki, onların qaz ehtiyatları müvafiq olaraq 400 və 200 mlrd kubmetrdir.

Azərbaycan öz işğal altında olan tarixi torpaqlarını qaytardıqdan sonra bu ərazilərə həyat verməkdədir. Sözsüz ki, bu ərazilər erməni vandalizminin qurbanı olmuşdur. Buna görə də bu ərazilər yenidən qurulur və ifrastruktur bərpa edilir. Buna görə də bu ərazilərə insanlar köçürüləndən sonra, bu ərazilər də qazlaşdırılacaq və yeni qaz ehtiyatlarına ehtiyac yaranacaq. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

İşğaldan azad edilmiş ərazilər üçün xüsusi plan hazırlanmışdır. Belə ki, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.


Açar sözlər: