14.07.2021

Ölümü yox, yaşamağı seç!

Müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri də bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.

Bu bir növ bataqlığa bənzəyir ki, insan o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. İnsan orqanizminə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran narkomanlıq və narkotiklərə aludəçilik ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır.

Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına, cinayətkarlığın artmasına, cəmiyyətdə ən böyük bəlalardan olan QİÇS  xəstəliyinə gətirib çıxarır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır,sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyalarını pozur.

Gənclər çox vaxt təcrübəsiz olduqlarına görə alkoqolizmə və narkomaniyaya daha tez düçar olurlar. Bu bəlaların məhvedici nəticələrinin gənclərə vaxtında başa salınması, onların mənəvi cəhətdən düzgün tərbiyəsi belə neqativ halların aradan qaldırılmasına çox böyük köməklik göstərə bilər. Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Dövlətçiliyimizin inkişafı və gələcəyimiz naminə gənclərin bu istiqamətdə daim maarifləndirilməsi mühüm şərtdir.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsaitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər kefiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmışdır.

Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, təhsil və mədəni-maarif müəssisələrinin üzərinə düşür.


Açar sözlər: