Təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi (15.09.2013)

 Təhsil sistemi milli dəyərlərə və peşəkar kompetensiyalara malik
Azərbaycan vətəndaşı yetişdirməlidir
 
 
15 Sentyabr 2013
 
Təhsil naziri Mikayıl CABBAROV: "Azərbaycanın təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdəndir"
 Yeni dərs ili ərəfəsində təhsil prosesi, onun keyfiyyət göstəriciləri, həllini gözləyən problemlər və qarşıda duran hədəflər ictimaiyyətin aktual müzakirə predmetinə çevrilmişdir. 5 ay öncə dövlət başçısı tərəfindən bu sahədə ciddi dəyişikliklərə rəvac verilməsinin və aparılan kadr əvəzlənməsinin məntiqi nəticəsindən danışmaq zaman baxımından hələ tez olsa da, təhsil sektorunda ciddi islahatların başlanması və bu sahədə ilkin uğurların əldə olunması danılmaz faktdır. Öz sabahımızdan - gələcək nəslin təhsilindən ciddi narahatlıq keçirən vətəndaşlara indi tam aydındır ki, təhsil sahəsində vəziyyət, sadə dillə desək, artıq əvvəlki kimi olmayacaq. Bu istiqamətdə ciddi dönüşün yaranmasını şərtləndirən əsas məsələ odur ki, valideynlərin, həmçinin şagird və tələbələrin uzun illərdir problem və nöqsan kimi səciyyələndirdiyi məqamlar indi yeni təhsil nazirinin öz dilindən də səslənir, daha gizlədilmir, təkzib olunmur və onların aradan qaldırılması fəaliyyət prioriteti kimi elan edilib.
Elə təhsil naziri Mikayıl Cabbarovla söhbətimizdə də məhz bu problemlərə nəzər saldıq. Yazılı mediaya ilk geniş müsahibəsində Mikayıl Cabbarov təhsil naziri kimi fəaliyyət göstərdiyi müddət ərzində görülmüş işlərdən, qarşıda duran problemlərdən və onların həlli ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı.
 
 
Hər bir məzun üçün bərabər imkanların yaradılması ilə bağlı qərar özünü doğrultdu
 
- Mikayıl müəllim, yeni dərs ili Sizin bir nazir kimi rəhbərliyiniz altında ölkənin təhsil ictimaiyyətinin qeyd edəcəyi ilk tədris ilidir. Ölkənin çoxminli təhsil işçiləri və təhsilalanları üçün nazirin bu münasibətlə bağlı fikirləri olduqca maraqlıdır...
- Bilirsiniz ki, dərs ilinin ilk günü - Bilik Günü ölkədə ən geniş qeyd olunan, demək olar ki, bütün ölkə əhalisinin bayram kimi qəbul etdiyi günlərdəndir. Bu münasibətlə bütün xalqımızı, təhsil ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyan uşaqları təbrik edirəm. Təhsilverənlərə və təhsilalanlara, ümumilikdə ölkənin bütün pedaqoji ictimaiyyətinə yeni - 2013/2014-cü dərs ilində uğurlar arzulayıram.
Onu da qeyd edim ki, ümumtəhsil məktəblərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr ediləcək. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin günbəgün möhkəmlənməsi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsində hamı fəallıq göstərməli, həm ailədə, həm də məktəbdə uşaqlara vətənə məhəbbət hissi aşılanmalıdır. Ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşün formalaşdırılmasıdır.
- Yeri gəlmişkən, bir zəruri məqama da aydınlıq gətirək. Təhsildə keyfiyyət göstəricilərindən biri də məhz təhsil infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu istiqamətdə son dövrlərdə daha genişmiqyaslı tədbirlər həyata keçirilib. Yeni dərs ilini bu sahədə hansı yeniliklərlə qarşılayırıq?
- Öncə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkədə çoxsaylı uğurlara imza atılmışdır. Hazırda ölkəmiz sürətlə inkişaf edir, müasirləşir. Dövlətimizin və xalqımızın qədimliyi ilə müasirliyinin gözəl bir sintezi əmələ gəlib. İstər Azərbaycanın iqtisadi sahədə olan uğurları, istər regionlarımızın inkişafı baxımından əldə edilən nailiyyətlər, istər beynəlxalq səviyyədə dövlətimizin nüfuzunun artması, təbii olaraq, bizim üçün də çox yüksək bir standart müəyyənləşdirir.
 Azərbaycan Respublikasının təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdən biridir.
Ölkədə son illər ərzində minlərlə tədris ocağı yenidən tikilib və yaxud əsaslı şəkildə təmir edilərək bərpa olunub. Bütün məktəblərdə kompyuterləşdirmə proqramı, informasiya texnologiyalarının tətbiqi məsələləri fəal şəkildə yerinə yetirilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox bölgələrində, regionlarında, ucqar kəndlərində, hətta Bakının özündə əsaslı təmirə ehtiyacı olan təhsil ocaqlarımız hələ də mövcuddur. Demək olar ki, bu məsələnin böyük bir hissəsi həll olunub. Bu il də həmin istiqamətdə xeyli iş görülüb.
Cari ildə Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris korpusları tikilib, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilib. 2011-2013-cü illəri əhatə edən "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında tikintisi və əsaslı təmiri nəzərdə tutulmayan, lakin təmir işlərinin aparılmasına ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində Təhsil Nazirliyi tərəfindən yay aylarında cari təmir işləri aparılıb.
Amma maddi-texniki baza dedikdə, biz bu məsələni təkcə binalarla, tikililərlə məhdudlaşdıra bilmərik. Məncə, bu məsələyə bir az geniş baxılmalıdır. Təhsil müəssisələri müasir və yüksək keyfiyyətli tədris avadanlıqları ilə təmin edilməli, eyni zamanda, informasiya texnologiyalarının imkanlarından istifadə daha geniş yayılmalıdır.
- Cənab nazir, bu il orta məktəbləri bitirən şagirdlərin hamısına attestat verilməsi ilə bağlı qəbul olunmuş qərar ictimaiyyətdə rəğbətlə qarşılandı. Bu addım hansı zərurətdən irəli gəldi?
- İlk növbədə bu, bir daha nümayiş etdirdi ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir, hər bir məzun üçün bərabər imkanlar yaradılmasının tərəfdarıdır. Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranmış oldu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edildi. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxıldılar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik oldular.
11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxıldılar. Bu kateqoriya məzunların attestat qiyməti 10-cu və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
2012/2013-cü tədris ilinin yekunlarına görə, ölkə üzrə ümumtəhsil məktəblərinin XI siniflərini 84769 şagird bitirmişdir. Onların 84121 nəfəri buraxılış imtahanlarına buraxılmış və attestat almışlar. Bu, məzunların ümumi sayının 99,3 faizini təşkil edir.
Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də vardır.
 
 
Təhsilin keyfiyyəti müəllimlərin peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır
 
- Göründüyü kimi, orta məktəb buraxılışı ilə bağlı ilkin islahatlarınızın artıq real uğurları var. Orta məktəbə qəbul prosesində tələb olunan yaş məsələsinə də nəzər salmağınız oxucularımız üçün maraqlı olardı. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bəzən uşaqlar hətta 5 yaşında da məktəbə gedirlər. Məlum olduğu kimi, Avropa ölkələrində məktəbəqədər təhsil yüksək inkişaf etmişdir. Həmin ölkələrdə uşaqlar əsasən 3-4 yaşında ibtidai təhsilə hazırlıq proqramlarına cəlb olunurlar. Azərbaycanda bu proses necə tənzimlənəcək?
- Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli əmri ilə qaydalar təsdiq edilib. Həmin qaydalara görə, vaxtından əvvəl I sinfə qəbul hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan uşaqlara şamil olunur.
Burada söhbət yalnız uşağın I sinif üzrə proqram materiallarını mənimsəməsindən getmir. Başlıca məsələ uşağın idraki inkişafında, sabit fiziki duruma, çevik təfəkkürə, psixoloji dayanıqlığa, məntiqi mühakimə qabiliyyətinə malik olmasındadır. Proqram materialını mənimsəyən hər uşağa xüsusi istedadlı uşaq demək mümkün deyil. Ola bilər ki, hər hansı bir uşaq 5 yaşında məktəb təliminə hazır olsun. Belə faktlar, əlbəttə, vardır. Lakin bu keyfiyyət, ümumilikdə, az faiz uşaqlara nəsib olur. Bu, bir çox hallarda məktəbəqədər təhsil şəbəkəsinin əhatə dairəsindən və keyfiyyətindən asılı məsələdir. 3-4 yaşından uşağın ibtidai təhsilə hazırlıq proqramlarına cəlb olunması məsələsinə gəlincə, bunun üçün xüsusi tədris proqramları hazırlanmalıdır.
Bəzi mütəxəssislər hesab edirlər ki, uşağın qayğısız uşaqlıq həyatını, sərbəstliyini əlindən almaq olmaz. Ətraf aləmlə, təbiətlə, həmyaşıdları ilə ünsiyyət uşağın inkişafında, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Bütün bunları nəzərə alaraq valideynlərə məsləhətim budur ki, bəzi zahiri əlamətlərinə görə uşaqlarını ehtiyac olmadan parta arxasında oturtmağa cəhd göstərməsinlər.
- Bu gün təhsilin keyfiyyətinin artırılması prioritet məsələlərdən biridir. Bu baxımdan neçə vaxtdır ki, müzakirə olunan məsələ - müəllimlərin attestasiyasının keçirilməsi gözlənilirmi? Müəllimlərin nüfuzunun yüksəldilməsi ilə bağlı digər tədbirlərin görülməsi də nəzərdə tutulurmu?
- Əslində sizin bu sualınız cəmiyyətdə daha səriştəli müəllimlərə ehtiyacın artdığını göstərir. Bu gün ölkə üzrə 4515 ümumtəhsil məktəbində 150 mindən artıq pedaqoji işçi çalışır.
Təhsilin keyfiyyəti müəllimlərin peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır. Bu mənada müəllimlərin attestasiyası məsələsi cəmiyyətdə xeyli müddətdir davam edən müzakirə mövzusudur. Beynəlxalq təcrübədə müəllimlərin karyera inkişafı və maddi həvəsləndirmə məqsədilə onların fəaliyyətinin attestasiyası həyata keçirilir. Bu məsələ "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub və müvafiq normativ-hüquqi baza yarandıqdan sonra tətbiq ediləcək.
Müəllimlərin əksəriyyəti xüsusi bir missiya daşıyıcısıdır. Biz düşünmürük ki, müəllimlərin müəllim olmaq istəyinin yeganə səbəbi məhz maddi təminatla, məvaciblə bağlıdır. Eyni zamanda mən bunu da vurğulamaq istəyirəm ki, müəllimlərin məvacibi, həyat səviyyəsi, rifahı məsələsi bu gün bizi qane edən səviyyədə deyil. Amma çox mühüm və əhəmiyyətli məsələ odur ki, bu necə həyata keçirilməlidir. Bunun düzgün mexanizmi nədir, bu gün bütün müəllimlərin əməkhaqqının, məvaciblərinin, sosial təminatlarının avtomatik şəkildə artırılması kimi yanaşma bizim təhsilimizin keyfiyyətinə, müəllimlərin və müəllim olmaq istəyən insanların stimullaşdırılmasına düzgün bir yanaşmadırmı? Yoxsa biz burada daha kreativ, dünya təcrübəsinə daha uyğun bir yanaşma seçməliyik? Bu gün bütün bu məsələlər səmərəli formada müzakirə olunur. Təbii olaraq müvafiq qərarların qəbul olunması üçün məsələni hərtərəfli araşdırmalıyıq.
 
 
Valideynlərin məktəbin həyatında iştirakı prosesində tam şəffaflığın tərəfdarıyıq
 
- Məktəb-valideyn münasibətlərinin daha səmərəli təşkili istiqamətində müvafiq addımların atılması haqqında müəyyən fikirlər bildirmisiniz. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?
- İlk növbədə qeyd edim ki, hər bir şəxsin formalaşmasında ailə və valideynlər mühüm rol oynayır. Bəzi valideynlər bir çox hallarda övladlarının təhsil almasını yalnız məktəbin problemi, dövlətin vəzifəsi kimi görür. Əslində bu məsələdə valideynlər də üzərlərinə düşən vəzifələri düzgün dəyərləndirməlidirlər.
Bu gün məktəblərimizdə valideyn komitələri, valideyn assosiasiyaları adlı qurumlar var. Həmin qurumlar, yaxud valideynlər bu və ya digər məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmayan, misal üçün, mədəni tədbirlərin qrup şəklində keçirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili və digər bu kimi tədbirlər keçirə bilərlər. Məlumdur ki, bu gün məktəblərin mühafizəsi üçün maliyyə vəsaiti ayrılmır. Valideyn komitələri həmçinin bu istiqamətdə də fəaliyyət göstərə bilərlər, - təbii ki, könüllü şəkildə həyata keçirilən təşəbbüslər olarsa.
Vətəndaş cəmiyyətinin və valideynlərin məktəbin həyatında iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində deyilik. Amma bu yanaşmadan heç bir şəkildə sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu məsələlərdə də tam şəffaflığın tərəfdarıyıq.
Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakı artmalıdır. Valideyn komitələri təhsil müəssisələri ilə valideynlər arasında əsas körpüyə çevrilməlidir. Bir neçə müstəqil valideyn komitəsinin fəaliyyət göstərdiyi məktəblərin direktoru ilə görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə müstəqil valideyn komitələrinin işi daha şəffaf və səmərəli şəkildə təşkil olunmuşdur.
Valideyn komitələrinin gördüyü işlərin şəffaf hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə asılmalıdır. Məktəb direktorları və müəllimlər valideyn komitələrinin maliyyə məsələlərinə müdaxilə edə bilməzlər. Valideyn komitələrini valideynlər özləri müstəqil şəkildə idarə etməlidirlər.
Qeyd etdiyimiz kimi, valideyn komitələrinin fəaliyyətindən heç bir halda sui-istifadə halları olmamalıdır. Valideynlər biləndə ki onların məktəbə könüllü yardımı övladı üçün daha yaxşı tədris şəraitinin yaradılmasına sərf edilir, o zaman məktəblə daha yaxın təmasda olmağa səy göstərirlər.
 
 
Xaricdə təhsil proqramı dünyada mövcud olan nadir layihələrdəndir
 
- Cənab nazir, xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində ali təhsil alması baxımından çox böyük əhəmiyyətə malikdir. Bu il dövlət proqramına qəbul prosesinə nə kimi yeniliklər tətbiq olundu?
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmizin peşəkar mütəxəssis potensialının gücləndirilməsi istiqamətində ən önəmli təşəbbüslərdən biridir. Proqram gənc kadrların xaricdə təhsilinə böyük məbləğdə vəsait yatırılması yönündə dünyada mövcud olan nadir layihələrdəndir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu öndər ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərirdi. Bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyası Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.
Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə istər bir nazir kimi, istərsə də vətəndaş kimi fəxr edirəm. Düşünürəm ki, bu proqram cənab Prezidentin hər bir azərbaycanlı üçün bərabər təhsil imkanları yaratmasının daha bir təzahürüdür. Təyinatımın ilk günündən söz vermişəm və bu gün də bunu vurğulayıram ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbənin qayğıları, ehtiyacları bizim diqqət mərkəzimizdə olacaqdır. Həmkarlarımızla birlikdə bunun üçün əlimizdən gələni edəcəyik.
Dövlət proqramı çərçivəsində 2007-2012-ci illərdə ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdir.
Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013/2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 315 nəfər barədə müsbət qərar qəbul olunmuşdur. Hazırda bu proses davam etməkdədir.
Ötən illərdən fərqli olaraq, dövlət proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunur. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Əminik ki, xaricdə təhsil alan tələbələr Azərbaycanı layiqincə təmsil edəcək və təhsillərini uğurla başa vurub Vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişaf prosesinə layiqli töhfə verəcəklər.
- Cənab nazir, ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu prosesi artıq başa çatıb. Bu prosesin yekunu ilə bağlı nə deyə bilərsiniz?
Əvvəlcə bildirim ki, bu il vakant yerlərin sayı 3286, müraciətlərin sayı isə 18782 olmuşdur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə ümumilikdə 1474 nəfər işə qəbul olunub.
Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamışdır. İşə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur.
Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulub.
 
 
Orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır olan Azərbaycan vətəndaşını formalaşdırmaqdır
 
- Kurikulumun tətbiqi, dərsliklərin hazırlanması və yerlərə çatdırılması ilə bağlı vəziyyət necədir?
- Ümumiyyətlə, hər hansı bir köklü dəyişikliklərin tətbiqindən öncə bu məsələ ciddi araşdırılmalıdır. Biz bu məsələni araşdırırıq və bu məsələ ətrafındakı müzakirələrdə fikir müxtəlifliyi var. Qəbul olunacaq qərar daha çox şagirdin maraqlarına cavab verəcək. Müasir dövrdə biz müəyyən səviyyə və biliklərə malik şagird hazırlamalıyıq.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən bir qurum kimi baxmamalıyıq. Hesab edirik ki, orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır olan Azərbaycan Respublikasının vətəndaşını formalaşdırmaqdır.
Dərsliklərin hazırlanmasına gəldikdə, qeyd etməliyəm ki, Təhsil Nazirliyində dərsliklərin çapı və yerlərə çatdırılması məsələsi ilə əlaqədar yaradılmış işçi qrupu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki, 2013/2014-cü dərs ili üçün II, IV, VI,
VIII, IX və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllim üçün metodik vəsait hazırlanmış, çap edilmiş və yerlərə çatdırılmışdır.
VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.
TQDK tərəfindən monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq.
Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanıb nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə paylanıb.
- Təhsildə son illərdə mövcud olan problemlərdən danışarkən peşə-ixtisas yönümü sahəsindəki vəziyyət diqqəti daha çox cəlb edir. Burada hansı dəyişikliklər nəzərdə tutulur? İlk peşə-ixtisas təhsilinin ölkə iqtisadiyyatının tələbatına uyğunlaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçiriləcək?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının sürətli inkişafı prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı daha da artırıb.
Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Bu il ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək.
Növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasına başlamağı nəzərdə tutmuşuq. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ehtiyac duyulan bir sıra yeni ixtisasların açılmasını planlaşdırırıq.
İlk peşə-ixtisas təhsili müəssisələri rəqabətə hazır olmalı və mövcud qanunvericilik çərçivəsində maddi-texniki bazalarının gücləndirilməsi işinə əlavə təkan verməlidirlər. Bu baxımdan kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc əldə etmək daha səmərəli üsullardandır.
Ümumiyyətlə, bu istiqamətdə aparılan islahatların əsas məqsədi peşə məktəblərinin müasir tələblər səviyyəsində inkişafına nail olmaqdan ibarətdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub.
- Mikayıl müəllim, sonda Sizin fəaliyyət prioritetinizi də bilmək maraqlı olardı: bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan, mütərəqqi islahatlar dövrünün astanasında olan təhsil sistemimizin qarşısında duran əsas məqsəd və vəzifələr nədən ibarətdir?
- Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş Azərbaycan vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirməlidir. Təhsilimiz bir tərəfdən milli olmalı, yəni xalqımızın adət-ənənələrinə sadiq vətəndaşın formalaşdırılmasına xidmət etməli, digər tərəfdən müasir dünyanın olduqca sərt tələblərinə cavab verən yüksək səviyyəli mütəxəssis yetişdirməyə qadir olmalıdır. Əminəm ki, birgə səylə bu məqsədə çatacağıq.
 
"Azərbaycan"