10.05.2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Mayın 10-da Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

 

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov , rayon icra hakimiyyətinin əməkdaşları, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Sonra rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyasında iştirak etmişlər. Aksiyada 200-dən artıq şam ağacları əkilib, eyni zamanda ərazidə təmizlik-abadlıq işləri aparılıb.

 

Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirmişlər.

 

Tədbirdə dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

 

Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

 

Tədbir konsert proqramı ilə davam etmiş, axşam saatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Seyrəngahından 99 ədəd dilək şarı səmaya buraxılmışdır.