24.05.2018

AXC-nin yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib

Mayın 23-də Lənkəran Şəhər Təhsil Şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rayonunun Kənarmeşə kənd tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Kənarmeşə kənd tam orta məktəbinin direktoru Natəvan Mirzəcanova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natəvan Mirzəcanova çıxışında 28 may 1918-ci ilin Azərbaycan tarixinin dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. N.Mirzəcanova Xalq Cümhuriyyəti dövründə həyata keçirilən işlərdən də danışıb.

Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə çıxışlarında türk-islam dünyasında ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrü haqqında məlumat veriblər. Natiqlər, Ümummilli Lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığını və bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. 

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Xalq Cümhuriyyəti dövründə mövcud olan dövlət-din münasibətləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Həmidli Ulu Öndər Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli sərəncamı ilə Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edildiyini vurğulayıb. Məktəbin tarix müəllimi Ülviyyə Əliyeva və digərləri çıxışlarında ölkəmizdə Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsini yüksək qiymətləndiriblər.

Sonda Xalq Cümhuriyyəti dövründən bəhs edən sənədli film nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.