12.03.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində görüş

Martın 10-da Lənkəran Şəhər Təshil Şöbəsində görüş keçirilib. Görüşdə Lənkəran Şəhər və Cəlilabad Rayon Təhsil Şöbələrinin əməkdaşları, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

Tədbiri Lənkəran ŞTŞ-nın müdir müavini G.Bağırov açaraq Təhsil Nazirliyinin 05.01.2018-ci il tarixli, 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” əmri ilə əlaqədar məlumat verib, qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən ətraflı bəhs edib. Birgə əmrə və tədbirlər planına uyğun olaraq Lənkəran şəhər 4, 6 nömrəli, Liman şəhər 1 nömrəli və Şürük kənd tam orta məktəblərinin Cəlilabad şəhər 1, 2 nömrəli, Göytəpə şəhər 1 nömrəli və Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbləri ilə əməkdaşlıq və dostluq edəcəklərindən, təcrübə mübadiləsinin təşkili, təhsilin aktual məsələlərinin  muzakirəsi, qabaqcıl müəllimlərin ustad dərslərinin təşkili, şagirdlər arasında  həmrəylik, dostluq, bilik yarışlarının, intellektual oyunlarının, sosial həyat tərzinin, vətənpərvərlik duyğularının təbliği məsələlərindən danışıb.

Müzakirələrdə Cəlilabad Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri N.Babayev, Cəlilabad şəhər 1, 2 nömrəli, Göytəpə şəhər 1 nömrəli və Uzuntəpə kənd 1 nömrəli, Lənkəran şəhər 4, 6 nömrəli, Liman şəhər 1 nömrəli və Şürük kənd tam orta məktəblərinin nümayəndələri V.Məmmədov, Q.Hüseynov, A.Rzayev, R.Bünyatov, Y.Əskərova, A.Xalıqov, Ə.Qurbanov və G.Səfərova çıxış edərək fikir və təkliflərini bildiriblər.

Tədbirlər planına uyğun olaraq qərara alınıb ki, 16 mart 2018-ci il tarixdə Cəlilabad şəhər 1 və 2 nömrəli məktəblərinin müəllim və şagird kollektivinin nümayəndələri Lənkəran şəhər 4 və 6 nömrəli məktəbdə, Liman şəhər 1 nömrəli və Şürük kənd tam orta məktəblərinin müəllim və şagird kollektivinin nümayəndələri Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli və Uzuntəpə kənd 1 nömrəli tam orta məktəblərində təcrubə mubadiləsində olsunlar.

Pedaqoji əməkdaşlıq çərçivəsində tədbirlər davam edir.