11.12.2017

Gənc mütəxəssislərlə görüş.

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci ildə test üsulu ilə keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün mərhələlərindən müvəffəqiyyətlə keçib Lənkəranın ümumtəhsil məktəblərinə təyin olunmuş gənc müəllimlərlə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi 11 dekabr 2017-ci il tarixdə görüş keçirib.

   Görüşdə Lənkəran ŞTŞ-nın müdiri Aslan İbrahimov gənc müəllimləri salamlayıb, onları müsabiqədə yüksək bal toplayaraq müəllimlik fəaliyyətinə başlamaları münasibətilə təbrik edib, respublikamızda aparılan təhsil islahatları çərçivəsində gənc mütəxəsislərin üzərinə düşən vəzifələrdən danışıb. Rayon mərkəzindən uzaq məsafədə yerləşən və ixtisaslı kadrlara ehtiyac olan məktəblərdə işləyən müəllimlərə dövlətimizin diqqət və qayğı göstərdiyini qeyd edib. A.İbrahimov bildirmişdir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin müəllimlərdən 25 nəfərinə H1, 20 nəfərinə isə H2 üzrə əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil edilib.

    Görüşdə Şəhər Tşhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, kadrlar üzrə aparıcı məsləhətçi Aslan Aslanov, aparıcı məsləhətçi Mais Quliyev çıxış edərək gənc müəllimlərə öz məsləhətlərini və tövsiyələrini veriblər. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşdə gənc müəllimlərdən Xalidə Qurbanlı, Seyidxanım Camalova, Şəlalə Həbibli, Peyman Məmmədli, Gülnar Mustafayeva və başqaları çıxışlarında onlara göstərilən qayğıya, səmimi görüşə görə Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimova təşəkkürlərini bildirdilər.

    Görüşün axırında xatirə şəkili cəkildi.